“Azərbaycan Könüllülər” İctimai Birliyi (bundan sonra AKİB) 2000-ci il noyabr ayında yaradılan bir qeyri-hökümət təşkilatıdır. O zaman bir neçə universitet tələbəsi könüllü təşəbbüs göstərərək Azərbaycan cəmiyyətinin rifahına xidmət edən məsələlərdə töhfə vermək məqsədi ilə təşkilatı ərsəyə gətiriblər. Təşkilatın yaranmasına təkan verən amillər sırasına könüllü işinin artıq sınaqdan çıxan müsbət cəhətləri, dünya gənclərinin beynəlxalq könüllü mübadilələrinin inteqrasiya prosesində oynadığı əhəmiyyətli rolu və ehtiyacı olan insanların bundan yararlanmalarını təmin etmək məqsədi də aiddir.

 AKİB 2003-cü ilin avqust ayının 29 – də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən rəsmi dövlət qeydiyyatına alınıb. Yarandığı gündən Azərbaycan Könüllər İctimai Birliyi qarşısına aşağıdakı vəzifələrin yerinə yetirilməsini qoymuş və bu məqsədlərə çatmaq istiqamətində böyük əzmlə fəaliyyət göstərmişdir.

 1. Azərbaycanda könüllülük işinin inkişafı və əsasən gənclərdən ibarət könüllülər hərəkatının yaradılması

 2. Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğuna təkan vermək

 3. Sosial, iqtisadi, ekoloji problemlərin aradan qaldırılmasına töhfə vermək

 4. Azərbaycan könüllülərinin beynəlxalq inteqrasiyanın təmin edilməsi məqsədi ilə beynəlxalq əməkdaşlığın qurulması

 5. Təşkilatın məqsədindən irəli gələn vəzifələrin həyata keçirilməsi üçün müxtəlif seminar, konfrans, debat, təlim kursu, sosioloji sorğu, dəyirmi masa, forum, yerli və beynəlxalq könüllü düşərgələri, tanışlıq səfərlərinin təşkil olunması

 6. İnsan hüquqları sahəsində fəaliyyətin gücləndirilməsi

 7. Səhiyyə və sağlamlq sahəsində düzgün işin qurulması, xüsusən də gənclərin QİÇS, narkomaniya, spirtli içkilərdən istifadə, tütün məmulatlarına aludəçilik kimi ziyanlı vərdişlərin çəkindiriləməsi

 8. Mədəni, dünyəvi, milli dəyərlərin qorunması

 9. Təşkilatın məqsədlərinin həyata keçirilməsinə yönəlmiş və qanunla qadağan olunmayan digər fəaliyyət növləri ilə məşğul olmaq.

 Avropa Şurasının qərarı ilə Azərbaycan Könüllülər İctimai Birliyi (AKİB) 2005-ci ilin nəticələrinə görə Avropa Gənclər Mükafatı (European Youth Award) ilə təltif edilməklə Avropada ilin gənclər təşkilatı olmuşdur.

 21-24 may 2006-cı il tarixində Ukraynanın paytaxtı Kiyev şəhərində yaradılan GUAM ölkələrin Gənclər Forumunun təsisçilərindən biri Azərbaycan Könüllülər İcitmai Birliyidir.