“Azərbaycanda plastik tullantılara qarşı mübarizə” forumu keçirilib

İyulun 6-da Azərbaycan Könüllülər İctimai Birliyi UNESKO-nun dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilati dəstəyi ilə “Azərbaycanda plastik tullantılara qarşı mübarizə” layihəsinə start verib. Layihə öz işinə “Azərbaycanda plastik tullantılara qarşı mübarizə” forumu ilə başlayıb.

Tədbirdə hökumət, qeyri-hökumət, beynəlxalq təşkilatların əməkdaşları, gənclər və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Forumda çıxış edən Azərbaycan Könüllülər İctimai Birliyinin prezidenti İmaməddin Quliyev bildirib ki, layihənin məqsədi plastik tullantıların ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri barədə məlumatlılığın artırılması və müvafiq olaraq plastik qabların istifadəsini azaltmaq və qarşısını almaq üçün praktik yolların tapılması, ekoloji mədəniyyəti artırmaqla Azərbaycanın turistik yerlərini təmiz saxlamaqdır.

O qeyd edib ki, layihə çərçivəsində müasir metodologiyadan istifadə edilərək 30 könüllüyə təlim seminarları təşkil edilərək onların bilik və bacarıqları artırılacaq. Hazırlanacaq sosial çarx vasitəsilə könüllülərin ətraf mühiti plastik tullantılardan təmiz saxlaması və “Gəlin çimərliklərimizi təmiz saxlayaq” devizi altında maarifləndirici kampaniyaya qoşulmaları təşviq ediləcək.

Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov bildirib ki, hər il dünyada 500 milyon tona yaxın plastik paket istehsal olunur: “Hər il okeanlara 8 milyon tondan çox plastik paket atılır. Okeanlarda plastik tullantılardan ibarət adalar meydana gəlib. Bəzi ölkələr plastik paketləri yenidən emal edir, bəzilərində istehsal zamanı onların qalınlıqları azaldılır. Bəzi ölkələr 2030-cu ildən sonra plastik materiallardan istifadəni tamamilə məhdudlaşdırmağı qərara alıblar. Avropa İttifaqında da 2021-ci ildən plastik qabların istifadəsinə məhdudiyyət qoyulacaq.

Ölkəmizdə də bu sahədə işlər görülür. Plastik tullantıların təkrar emalı üçün Balaxanı Sənaye Parkı xüsusi sahə fəaliyyət göstərir. Prezident İlham Əliyev 2019-cu il fevralın 7-də “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Tədbirlər Planına uyğun olaraq digər aidiyyəti qurumlarla birgə işlər görür”.

UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının müşaviri Zaur Paşayev, Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin Azərbaycan üzrə təmsilçisi Rəşad Hüseynov, Gənclər və İdman Nazirliyində gənclərlə iş şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev, Azərbaycan Respublikasının Gənclər Fondunun gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov və “AZGREEN” Mühəndislik və Ətraf Mühit Xidmətləri şirkətinin layihə rəhbəri Tural Məhərrəmov layihə ilə bağlı fikirlərini bölüşüb, bu istiqamətdə görülən işlərlə bağlı iştirakçıları məlumatlandırıb, forumun işinə uğurlar arzu ediblər.

Forum “Azərbaycanda plastik tullantılara qarşı mübarizə və birgə həll yolları” mövzusunda panel müzakirələri ilə davam edib.


Share