Azərbaycan Könüllülər İctimai Birliyinin BəyanatıAzərbaycan Könüllülər İctimai Birliyinin Bəyanatı

 Məlum olduğu kimi, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Erməni təxribatının nəticəsində kənd sakinləri 1966-ci il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və 2016-ci il təvəllüdlü körpə Quliyeva Zəhra Elnur qızı həlak olublar.

Bu hadisə Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən birinci hadisə deyil. Ermənistan SQ tez-tez atəşkəs rejimini pozaraq işğal etdiyi Azərbaycan bölgələrində qurduqları mövqelərindən Azərbaycan kəndlərini, sivil insanları snayperlərlə hədəf alaraq qətlə yetirir və ya yaralayırlar. Günahsız insanlar qətlə yetirilir, bunu törədənlər nəinki cəzalandırılmır, əksinə, mükafatlandırılır. Ermənistandan günahsız insanların qətlə yetirilməsinin dayandırılmasını, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz evlərinə dönməsinə imkan verməsini, AŞ PA-nın 1416 saylı qətnaməsində deyildiyi kimi, işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini, AŞ qarşısında üzərinə götürdüyü öhdəliyi və qurumun qəbul etdiyi qətnamələri yerinə yetirməsini tələb etməyə, bu məsələlərə laqeyd qalmamağa çağırırıq.

Bu vəhşilik bir daha göstərir ki, regionda onsuz da gərgin olan vəziyyəti daha da kəskinləşdirmişdir. Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin tez-tez pozulması, Azərbaycanın mülki vətəndaşlarının hədəfə alınması beynəlxalq hüququn pozulması ilə yanaşı, bu ölkə tərəfindən AŞPA-nın 2005-ci ildə qəbul etdiyi 1416 saylı qətnamə də daxil olmaqla Avropa Şurası (AŞ) qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl edilməməsi, eləcə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupu tərəfindən aparılan danışıqların ciddi şəkildə pozulması deməkdir.

Ermənistan 2 yaşlı günahsız Zəhranın, eyni zamnada digər körpə və uşaqların qətlinə hökm verməklə qoşulduğu Uşaq Hüquqları haqqında Cenevrə və BMT Baş Assambleyası deklarasiyalarını, Fövqəladə vəziyyətlər və silahlı münaqişələr zamanı qadın və uşaqların qorunması haqqında deklarasiyanı, uşaqların silahlı münaqişələrdə iştirakı ilə bağlı Uşaq Hüquqları haqqında Konvensiyaya əlavə olunmuş fakültativ protokolu pozur. Eləcə də digər müvafiq beynəlxalq sənədlərin prinsiplərinə məhəl qoymadığını nümayiş etdirir”.

Biz günahsız bir uşağın amansızcasına qətlə yetirilməsi bütün uşaqlara və insanlığa qarşı yönələn ağır müharibə cinayəti kimi qiymətləndiririk.

Bu yazı Elanlar, Yerli kateqoriyasına göndərilmişdir. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.