5 December, International Volunteer Day.

1985-ci ildən iqtisadi və sosial inkişaf naminə hər il 5 dekabr BMT-nin Baş Məclisi tərəfindən Beynəlxalq Könüllülər Günü kimi qeyd edilir.

Bugün könüllülər daha çox ölkəmizdə fəaliyyət göstərən QHT lər, daha dəqiq desək  gənclər təşkilatları ətrafında birləşiblər. Məlumdur ki,  hazırda ölkədə 200-dən artıq gənclər təşkilatı, 20-dən artıq ali məktəbdə fəaliyyət göstərən tələbə gənclər təşkilatları var və onların ətrafında minlərlə gənc könüllü olaraq layihələr cəlb olunurlar.  Bu da ölkəmizdə də gənclərin fəaliyyətində könüllülük xüsusi yer tutduğunu və bu sahəyə maraq  olduqca böyük olduğunu göstərir.

Qeyd etmək lazımdır ki, MDB ölkələri arasında ilk dəfə olaraq könüllülüklə bağlı qanun məhz Azərbaycanda qəbul edilmişdir. Məhz cənab prezidentimiz İlham Əliyevin  Sərəncamı əsasında hazırlanan  “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.5.9- cu bəndində “Gənclər arasında könüllülük hərəkatının təbliğ olunması və bu istiqamətdə beynəlxalq gənclər proqramının imkanlarından istifadə edilməsi” göstərilib.

Biz də Azərbaycan Könüllülər İctimai Birliyi (AKİB) olaraq dövlətimizin bizə verdiyi imkanlardan maksimum faydalanaraq dövlət proqramına uyğun olaraq donor təşkilatların dəstəyi ilə layihələrimizi həyata keçiririk.

AKİB olaraq Azərbaycanda könüllülük işinin inkişafı və əsasən gənclərdən ibarət könüllülər hərəkatının yaradılması, vətəndaş cəmiyyəti quruculuğuna təkan vermək, sosial, iqtisadi, ekoloji problemlərin aradan qaldırılmasına töhfə vermək və Azərbaycan könüllülərinin beynəlxalq inteqrasiyanın təmin edilməsi məqsədi ilə beynəlxalq əməkdaşlığın qurulması üçün çalışmaqdayıq.

AKİB artıq 13 ildir ki fəaliyyət göstərir və təşkilatımız son 1 ərzində könüllülüklə bağlı bir sıra layihələr həyata keçirib və hal-hazırda da bu istiqamətdə layihələr üzərində çalışmaqla yanaşı digər təşkilatlar tərəfindən keçirilən könüllülüklə bağlı  layihələrə dəstək olur.

Son 1 il ərzində keçirdiyimiz layihələrə misal olaraq  Gəncə şəhərində 100 nəfər region gəncinin iştirakı ilə  27 – 30 aprel 2013 –cü il tarixləri arasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən  keçirilən  “Azərbaycan Gənclərinin I Könüllülük Forumu”nu qeyd etmək istərdik.

Eyni zamanda  Ağdam rayonu Quzanlı qəsəbəsində 60 nəfər region gəncinin iştirakı ilə  5 – 27 oktyabr 2013 – cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Könüllülər İctimai Birliyinin dəstəyi və “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyi tərəfindən keçirilən “Gənclərin Könüllülük və İnkişaf Düşərgəsi” layihəsini göstərmək olar.

Bu layihələrin keçirməyimizdə başlıca məqsədimiz ölkəmizdə, xüsusilədə regionlarda gənclərin könüllü fəaliyyətin həvəsləndirilməsinə nail olmaq, könüllü şəbəkənin yaradılmasına töhfə vermək, beynəlxalq könüllülük proqramlarını təbliğ etmək və ölkəmizdə tətbiq etməkdən ibarətdir.

Bununla yanaşı üzvlərimiz ölkədə və ölkədən kənarda keçirilən müxtəlif beynəlxalq tədbirlərin təşkilində fəal iştirak edirlər. Bu da gəncləri könüllü olaraq həm yerli, həm də beynəlxalq tədbirlərdə aktivliyi və  marağı günü-gündən artmasına səbəb olur.

Bildiyiniz kimi əvvəlki illər ərzində ölkəmizdə keçirilən “Eurovision Mahnı Müsabiqəsi”, “FİFA U-17 Qadınlararası Dünya çempionatı” və 7-ci İnternet İdarəçilik Forumu və s. kimi beynəlxalq tədbirlər keçirilmişdir və bu böyük beynəlxalq tədbirlərin  təşkilində təşkilatımızın fəalları aktiv olaraq iştirak ediblər.

Bu yaxınlarda isə daha dəqiq desək 22-24 noyabr 2013 –cü il tarixləri arasında Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi keçirilmişdir və AKİB in 15 nəfər aktiv üzvü tədbirin təşkilində könüllü olaraq çalışıblar. Hər il 5 dekabr Beynəlxalq Könüllülər Günü tarixində müxtəlif tədbirlər keçiririk. Xatırladaq ki, keçən il “Könüllülük Mənim üçün nədir?” mövzusunda video rolik hazırlamışdıq və bu video rolikdə müxtəlif gənclər təşkilatlarının nümayəndələrinin və gənclərin könüllülüklə bağlı fikirləri əks olunmuşdu.

Bu ildə gənclərimizin asuadə vaxtlarının səmərəli keçirmələri və  bu tarixi  yada salmaq üçün öz könüllülərimizlə qeyd etməyi düşünürük. Həmin gün üzvlərimizin fəaliyyətlərinə stimul vermək məqsədilə onların könüllü fəaliyyətlərinə görə şəhadətnamə ilə təltif edəcəyik.

Sonda istərdik ki, gənclərimizin sosial təcrübənin qazanılmasında könüllü fəaliyyətə  xüsusi diqqət yetirsinlər  və gələcəkdə ölkənin inkişafına öz töhfəsini verməklə yanaşı istedadlı gənclər formalaşsın.

İmaməddin Quliyev

Azərbaycan Könüllülər  İctimai Birliyinin sədri

Share