Mingəçevirdə region gəncləri üçün yeni media təlimi keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Region gəncləri üçün Onlayn Media Məktəbi” layihəsi çərçivəsində Mingəçevir şəhərində təlim keçirilib. 23-24 noyabr tarixlərində baş tutan praktik yeni media təliminə Azərbaycanın müxtəlif regionlarından olan 30-a yaxın gənc qatılıb. Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi tərəfindən xüsusi hazırlanmış təlim proqramı vasitəsilə region gənclərinə yeni media və onlayn jurnalistika sahəsində bilik və bacarıqlar tədris olunub.

23 noyabr 2013 -cü il tarixində keçirilən layihənin açılış mərasimində Azərbaycan Könüllülər İctimai Birliyinin sədri İmaməddin Quliyevdə iştirak edib. O, layihə ilə bağlı fikirlərini bölüşərək iştirakçılara uğurlar arzu edib.

İki günlük praktik məşğələ və 3 həftəlik onlayn dərslərdən ibarət olan media layihəsinin məqsədi regionlarda yaşayan gənclərə jurnalistika bilikləri aşılamaq və yeni medianın bütün üstünlükləri barədə onlara bilik və bacarıqlar öyrətmək, həmçinin regional medianın inkişafına töhfə verməkdir.

Qeyd edək ki, “Region gəncləri üçün Online Media Məktəbi” fərdi gəncin layihəsi olub və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqəsində qalib çıxıb. Azərbaycan Jurnalistlər Şəbəkəsi İB, Gənclər üçün Təhsil Mərkəzi İB və Azərbaycan Könüllülər İctimai Birliyi Layihənin uğurla icra olunması üçün təşkilati dəstək göstərib.

Share