“Aktiv mobillik və yol hərəkəti təhlükəsizliyi” layihəsinə yekun vurulub
Azərbaycan Könüllülər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Bakı Nəqliyyat Agentliyinin “Nəqliyyat Könüllüləri” proqramının təşkilati dəstəyi ilə “Aktiv mobillik və yol hərəkəti təhlükəsizliyi” layihəsini yekunlaşdırıb.
Layihənin bağlanış mərasimində çıxış edən Azərbaycan Könüllülər İctimai Birliyinin prezidenti, layihə rəhbəri İmaməddin Quliyev bildirib ki, 4 gün ərzində 50 nəfərə yaxın iştirakçı dayanıqlı şəhər mobilliyi və yol hərəkəti təhlükəsizliyi mövzularında qeyri-formal təhsil üsulu ilə keçirilən görüşlərdə və praktiki məşğələlərdə iştirak edib.
Təlimlərdə “Dayanıqlı şəhər mobilliyinin təşviqində könüllülərin iştirakçılığı”, “Şəhər mikromobillik həlləri”, “Dayanıqlı şəhər mobilliyinin prinsipləri” və “İctimai nəqliyyat mobilliyin əsasıdır” mövzuları üzrə mütəxəssislər Nahid Quliyev, Arzu Süleymanov, Hüseyn Abdullayev, Tərlan Səfərov və Vüqar Məmmədzadə çıxış ediblər.
Bağlanış mərasimində layihə çərçivəsində hazırlanan “Sehrli Çubuq” sosial video çarxı nümayiş olunub. Videoçarx Bakıda gündəlik rast gəlinən problemləri vizual formada əks etdirərək insanyönümlü şəhər mühitini təşviq edir və seçim imkanını auditoriyanın ixtiyarına buraxır. Videoçarx
Sonda iştirakçılara sertifikatlar təqdim olunub. Layihənin əsas məqsədi gənclərin yol hərəkəti qaydaları üzrə bilik və bacarıqlarını artırmaq, hər kəs üçün əlçatan və dayanıqlı şəhər mühitinin təşviqinə töhfə verməkdir.