“Plastik tullantılara qarşı mübarizədə gənclərin rolunun artırılması” layihəsi uğurla başa çatıb
Pirşağı çimərliyində ekoloji aksiyada 1 tona yaxın tullantı toplanıb
Azərbaycan Könüllülər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə “Plastik tullantılara qarşı mübarizədə gənclərin rolunun artırılması” layihəsi çərçivəsində sahilyanı təmizlik kampaniyası təşkil edib.
“Gəlin çimərliklərimizi təmiz saxlayaq” devizi ilə keçirilən aksiyada 100-ə yaxın könüllü iştirak edib və Pirşağı çimərliyindən 1 tona yaxın məişət tullantısı toplanaraq xüsusi poliqona təhvil verilib. Gənclər sanitar normalara uyğun ləvazimatlarla təmin olunub və tullantılar təhlükəsiz şəkildə daşınıb.
Kampaniyanın məqsədi ölkədə, xüsusilə də paytaxt Bakıda ekoloji problemlərin həllinə ictimai dəstək vermək, BMT-nin Ətraf Mühit Proqramı modelinə uyğun olaraq qısa müddətdə mühüm dəyişikliklərə nail olmaq və əhalinin ekoloji savadlılığını artırmaqdır.
Layihə öz fəaliyyətinə “Plastik tullantılara qarşı mübarizədə gənclərin rolunun artırılması” forumu ilə başlayıb. Forumda 100-dən çox gənc və könüllü ilə yanaşı BMT, QHT-lərə Dövlət Dəstəyi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Təmiz Şəhər” ASC və müxtəlif qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Ümumilikdə layihə gənclər arasında ekoloji maarifləndirməni gücləndirmək, onları ətraf mühitin qorunmasında fəal iştirakçıya çevirmək və plastik tullantıların həm təbiətə, həm də insan sağlamlığına mənfi təsirləri barədə ictimaiyyətin məlumatlılığını artırmaq məqsədi daşıyır.